Rəşad Sadıqov: “Ağır səfərdən çox vacib qələbə ilə dönürük”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci raundunda “Dunayska Streda”ya qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, bir həftə öncə doğma meydanda Slovakiya komandasına 4:0 hesabıyla qalib gəlmiş “Zirə”, bu rəqibini səfərdə də məğlub edib – 2:1.

Rəşad Sadıqov oyundan sonra təşkil olunmuş mətbuat konfransında komandasının çıxışına belə qiymət verib:

“Bu gün Olimpiadada ikinci qızıl medalımızı qazandıq. Təbrik edirəm. Bu, çox qürurvericidir. Eləcə də “Sabah” klubunu təbrik etmək istəyirəm. Bu gün çox güclü rəqibi mübarizədən kənarlaşdırdılar.

Biz də ağır səfərdən çox vacib qələbə ilə dönürük. Mərhələni keçən tərəf bizik. İlk dəqiqələrdən sona kimi oyun nizam-intizamından qopmadıq. Çox vacib qələbə qazandıq. Azarkeşlərimizi, klub rəhbərliyini, futbolçularımı təbrik edirəm”.

Sadıqov Avropa Liqasında qarşılaşdıqları Moldova “Şerif”inə məğlubiyyətdən sonra komandada hər hansı bir ciddi dəyişiklik etmədiyini bildirib:

“Qırmızı vərəqə alana qədər “Şerif”lə oyunda da hər şey qaydasında idi. Nəyisə dəyişməmişik. Sırf psixoloji cəhətdən futbolçulara deyirdim ki, bircə onu düşünün ki, son 10-15 ildə 7 dəfə avrokubokların qrup mərhələsində oynayan komandaya səfərdə qalib gəlmişik, evdə də azlıqda qalana kimi hesabda öndə olmuşuq. Qırmızı vərəqədən sonra avrokubok matçlarında oynamaq çox çətin olur. Necə ki, bu gün rəqib son yarım saatda bu səbəbdən çətinlik çəkdi. Bu, hiss olunurdu. Qırmızı vərəqə olmasaydı, “Şerif”i keçməyə yaxın idik. Məyus olmamalı, yolumuza davam etməliyik”.

“Meydanda gözlədiyimiz “Zirə”ni gördük”

“Dunayska Streda”nın baş məşqçisi Xisko Munyos da cavab qarşılaşmasından sonra fikirlərini bölüşüb. İspan mütəxəssis bunları dilə gətirib:

“Zirə”ni təbrik edirəm. Onlara növbəti mərhələdə uğurlar arzulayıram. Bizdən fərqli olaraq, rəqib komandada anlaşma daha yüksək səviyyədə idi. Ümumiyyətlə, bir çox şey “Zirə”də daha yaxşı alınırdı. Bu matçda qırmızı vərəqə almağımız qırılma nöqtəsi oldu. Halbuki hesabı bərabərləşdirmişdik, ikinci qolu da vura bilərdik. “Zirə”ni hərtərəfli analiz etmişdik. Nəyə qadir olduqlarını bilirdik. Elə meydanda da gözlədiyimiz “Zirə”ni gördük”.

Xatırladaq ki, “Zirə”ni Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Xorvatiya “Osiyek”i ilə oyunlar gözləyir. İlk oyun avqustun 8-də səfərdə, cavab qarşılaşması bir həftə sonra Bakıda olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: