“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci raundunda “Payde”yə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və Estoniya komandaları arasındakı ilk oyun sabah “Payde”nin meydanında keçiriləcək.
Rəşad Sadıqov bu gün təşkil edilmiş oyundan öncəki mətbuat konfransında bunları söyləyib:
“Hər iki komanda növbəti mərhələyə yüksəlmək istəyir. İlk oyun çox önəmlidir. Rəqib evdə oynayır. Buna baxmayaraq, qələbə qazanmağa çalışacaq. Bizim də öz istəklərimiz var. “Payde” avrokuboklarda təcrübəli komandadır. Sabah bizi maraqlı və gərgin oyun gözləyir”.
Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsində mübarizədən kənarlaşdırdıqları “Torpedo” (Kutaisi, Gürcüstan) ilə “Payde” arasındakı fərqlərdən də söz açıb:
“Bu iki komandanın oyun fəlsəfələri arasında oxşarlıqlar var. Hər iki komanda topla oynamağa üstünlük verir, standart vəziyyətlərdə təhlükəlidirlər. Bizim yaxşı formada olmağımız çox önəmli olacaq. Rəqibin oyununu pozmağa çalışacağıq”.


