Rabyo: “İlk hissədəki oyunumuz biabırçılıq idi”

Futbol üzrə Fransa millisinin yarımmüdafiəçisi Adriyen Rabyo DÇ-2026-da İngiltərəyə məğlub olduqları üçüncü yer uğrunda oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:6 hesabı ilə uduzduqları oyunun ilk hissəsində komandasının çıxışını sərt tənqid edib.

Fransızlar fasiləyə 0:4 hesabı ilə məğlub yollanmışdılar. Rabyo bildirib ki, bəzi futbolçuların davranışı onu ciddi şəkildə məyus edib:

“Oyuna açıq-aşkar biabırçı şəkildə başladıq. Bəzi futbolçuların davranışını gördüm ki, əvvəllər belə bir şeyə rast gəlməmişdim. Bu, məyusedici idi. Bu, turnirdə özümüzü ən yaxşı tərəfdən göstərə biləcəyimiz son oyun idi. İspaniyaya məğlubiyyətdən sonra hamımız məyus idik, amma sona qədər mübarizə aparmalı idik. Belə səhlənkar oyunu qəbul etmək olmaz”.

Yarımmüdafiəçi bildirib ki, fasilədə komandada ciddi söhbət olub və bu, ikinci hissədə öz təsirini göstərib:

“Fasilədə özümüzə dedik ki, qürurumuzu ortaya qoymalıyıq. İkinci hissədə xeyli yaxşı oynadıq. Amma ilk hissədəki bəzi epizodlar qəbuledilməz idi”.

Rabyo həmçinin milli komanda ilə vidalaşan baş məşqçi Didye Deşam haqqında da danışıb:

“Biz turniri qələbə ilə başa vurmaq və məşqçimizi daha layiqli şəkildə yola salmaq istəyirdik. Amma bu məğlubiyyət onun Fransa xalqının gözündə qazandığı nüfuza xələl gətirmir. O, bizə təşəkkür etdi, amma əslində təşəkkürü biz ona etməliyik. Bu möhtəşəm illərə və bizə aşıladığı intizama görə ona minnətdarıq. Fransa millisinin yenidən yüksəlişində əsas memarlardan biri məhz Deşam olub”.

Qeyd edək ki, Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionu, 2022-ci ildə UEFA Millətlər Liqasının qalibi olub, həmçinin AÇ-2016 və DÇ-2022-də gümüş medallar qazanıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: