“Real”ın niderlandlı keçmiş yarımmüdafiəçisi Rafael van der Vart portuqal ulduz hücumçu Kristiano Ronaldo haqda söhbət açıb.
Arena.az məlumat verir ki, Van der Vart bir vaxtlar “Real”da komanda yoldaşı olmuş Ronaldonu inanılmaz eqoist adlandırıb.
O, portuqal ulduzu niderlandlı keçmiş hücumçu, hazırda məşqçi olan Rud van Nistelroyla müqayisə edərək, bu xüsusda hər iki futbolçunu eyniləşdirib:
“Ronaldo inanılmaz dərəcədə bir eqoist idi. Biz 6:0 hesabı ilə qalib gəldiksə, o, qol vurmasaydı, heç razı qalmazdı. Əgər biz uduzsaydıq və o, iki dəfə qol vursaydı, onda hər şey yaxşı olardı! Məsələ ondadır ki, Ronaldo sadəcə qol vurmalıdır. Rud van Nistelroy ilə də eyni xüsus idi. Onunla çox danışmışam. O, həmişə deyirdi ki: “Mənə qollarım gərəkdir! Qollarıma ehtiyacım var!” – “talkSPORT” radiosu Van der Vartdan sitat gətirir.
“Kristiano Ronaldonu lüt görə bilmədim”
Rafael Van der Vart həmçinin Ronadonun əməksevərliyini və zəhmətkeşliyini yüksək dəyərləndirib:
“Mən həmişə zarafatla demişəm ki: “Ronaldo heç vaxt çılpaq görmədiyim yeganə oyunçudur!” (gülür). Məsələ burasındadır ki, o, məşq meydançasına birinci gəlib, oranı sonuncu tərk edərdi! İlk növbədə Kristianonun bədəni: “Vay! Makina. O, zəmanəsini azacıq qabaqlayırdı, indi də futbolçular eynidir. Ancaq “Kriş”in idman zalında işləməsi, qida, yuxu rejmi – onun üçün bunlar, gərgin məşqlərdən daha vacib idi”, deyə Van der Vart vurğulayıb.
Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 18 oyuna 15 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.
Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 82 oyun, 73 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.
Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.


