“İnter”in sabiq qapıçısı, son olaraq “Qubbio” komandasında forma geyinmiş Raffaele Di Cennaro yenidən Milan klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
29 yaşlı italyan qolkiperlə 1+1 illik müqavilə imzalanıb. Onun ehtiyat qapıçı funksiyasını daşıyacağı ehtimal olunur. Çünki ötən gün iki təcrübəli qapıçısı – Samir Handanoviç və Aleks Kordazla yollarını ayıran milanlıların daha etibarlı qapıçı axtardığı bildirilir.
Xatırladaq ki, Raffaele Di Cennaro “İnter”in yetirməsidir. Amma o, doğma klubunun əsas komandasında debüt şansı qazanmayıb və digər klublarda (“Çittadella”, “Latina”, “Ternana”, “Spetsiya”) icarədə oynamaq məcburiyyətində qalıb. 2019-cu ildə “İnter”dən ayrılan qapıçı “Katanzaro”ya keçib. 2021/2022 mövsümünü “Peskara”da keçirən Raffaele “Qubbio”ya ötən ilin yayında transfer olunmuşdu. O, ötən mövsüm bu komandada 34 oyuna çıxıb, 22 qol buraxıb, 20 “quru” matç keçirib. Di Cennaro vaxtilə İtaliyanın U-16 və U-20 yığmalarında da oynayıb.


