Rafinya “Barselona”dakı gələcəyinə dair qəti cavabını verdi

“Barselona”nın 28 yaşlı braziliyalı ulduzu, cinah hücumçusu Rafinya Kataloniya klubundakı gələcəyinə dair qəti mövqeyini açıqlayıb.

Arena.az “Movistar” dərgisinə istinadən, braziliya futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Sonra nə? Mənim müqavilə müddətimin uzadılması. Futbol zirvələrini “Barselona”sız fəth etmək haqda düşünmək məntiqsiz olardı.

Düzünü desəm, indi mən hər şeydən zövq alıram. Beləsi haqda mən heç xəyal da edə bilməzdim”, deyə hücumçu vurğulayıb.

Rafinya “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tanhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Rafinya “Barselona” üçün bütün yarışlarda 54 oyun keçirib, 34 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.

Rafinyanın “Barselona” karyerası ümumilikdə 141 oyun, 54 qol və 50 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü illər mövsümündə İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun (2022/2023, 2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 33 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 80 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: