Rafinya futbolu tərk etmək istəyirmiş – səbəbini açıqladı

“Barselona”nın braziliyalı vingeri Rafinya peşəkar futbolçu karyerasını bitirmək seçimini nəzərdən keçirdiyini etiraf edib.

Arena.az braziliyalı futbolçunun bu barədə cavabını təqdim edir:

“Bu yaxınlarda şəxsi və peşəkar fəsadlara görə işimi tərk etməyi düşünürdüm. Artıq heç bir ruhi fəsad, çətinlik, mətbuatdan, azarkeşlərdən isə aqressiya yaşamaq istəmədiyim üçün futboldan getməyi düşünürdüm.

Bunun öhdəsindən necə gəldim? Təsəvvür edin ki, bir gün oğlum mənə dünyanın ən yaxşısı olmasa da, futbol ilhamı kimi baxa biləcək – bu, çoxuna dəyər”.

Xatırladaq ki, Rafinya Braziliyanın “Avai” klubunun yetirməsidir. Karyerasnın Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyulunda “Barselona” Rafinyanı 58 milyon avro müqabilində heyətinə tarnsfer edib. Braziliyalı vingerin Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024 mövsümündə Rafinya İspaniya nəhənginin heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə verib. 27 yaşlı futbolçunun “Barselona” karyerası bütövlükdə 87 oyun, 20 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Braziliyalı vinger bu komanda ilə 2022/2023-cü illər mövsümünün İspaniya La Liqasını qazanıb və həmin mövsüm İspaniya Super Kubokunun qalibi olub.

Rafinya 2021-ci ilin oktyabrında debüt etdiyi Braziliya millisinin heyətində 23 oyuna çıxıb, 6 qol vurub, 6 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 27 yaşlı braziliyalı vingerin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Barselona”nın yayda Rafinyanı satmaq niyyətində olduğu barədə məlumatlar yayılmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: