Rafinya: “Karyeramı “Barselona”da başa vurmaq istəyirəm”

Futbol üzrə Braziliya yığmasının və İspaniyanın “Barselona” klubuun cinah hücumçusu Rafinya gələcək planları barədə danışıb.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Kataloniya klubunda başa vurmaq istədiyini açıqlayıb.

O, RAC1 radiostansiyasına müsahibəsində “Barselona” ilə müqaviləsini uzatmaq niyyətində olduğunu bildirib:

“Bəli, müqaviləmi uzatmağı qəti şəkildə planlaşdırıram. Sonuncu dəfə 2028-ci ilə qədər müqavilə imzalayanda onun müddəti başa çatanda artıq 30-31 yaşım olacağını yaxşı anlayırdım. Həmin vaxt bu yaşa hansı fiziki formada çatacağımı bilmirdim.

Amma bu mövsümün mənim üçün nə qədər möhtəşəm başladığını nəzərə alsaq, özümü çox güclü hiss edirəm. Düşünürəm ki, ən yüksək səviyyədə oynamaq üçün qarşıda hələ ən azı bir neçə əla ilim var. Buna görə də əməkdaşlığımızı uzatmaq imkanına çox sevinərdim.

Üstəlik, səmimi qəlbdən ümid edirəm ki, peşəkar karyeramı məhz burada, Kataloniyada, başqa heç bir kluba keçmədən başa vuracağam”, – Rafinya deyib.

Qeyd edək ki, braziliyalı futbolçunun “Barselona” ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. Rafinya cari mövsümdə İspaniya çempionatında keçirdiyi 7 oyunda 12 qol vurub və 3 məhsuldar ötürmə verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: