Rahil Məmmədov 11 dəqiqə oynadı, “Radomyak” uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz müdafiəçisi Rahil Məmmədov Polşanın “Radomyak” klubunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Polşa Ekstraklasasında 2024/2025 mövsümünün 3-cü turunun oyunları keçirilir.

Rahilin komandası bu turda “Qornik”i qəbul edib. Üç qolun qeydə alındığı oyun “Radomyak”ın 1:2 hesablı məğlubiyyətiylə yekunlaşıb.

Rahil bu oyunun 79-cu dəqiqəsində meydana buraxılıb. Amma onun komandası bundan cəmi 2 dəqiqə sonra qol buraxmaqla məğlubiyyətə üzülüb.

“Radomyak” 4 turdan sonra 3 oyuna topladığı 3 xalla 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xatırladaq ki, bu yay Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılmış 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi “Radomyak”la 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində hələlik 2 oyuna çıxıb.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 17 oyuna çıxıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: