Ralf Hazenhüttl “Sauthempton”dan göndərildi

İngiltərənin “Sauthempton” komandasının baş məşqçisi Ralf Hazenhüttl istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.

55 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub. Buna komandanın cari mövsümdəki uğursuz nəticələrə imza atması səbəb olub. Belə ki, son iki oyununda məğlub olan “Sauthempton” İngiltərə Premyer Liqasında 14 turdan sonra 12 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

“Sauthempton”u noyabrın 9-da “Şeffild Uensdey”lə Liqa kuboku oyununa daha əvvəl Azərbaycanda da işləmiş Ruben Selles çıxaracaq. Ruben Selles 2012-2014-cü illərdə “Neftçi”də, 2015-2017-ci illərdə isə “Qarabağ”da köməkçi-məşqçi vəzifəsini yerinə yetirib. Komandanın yeni baş məşqçisinin adına isə daha sonra aydınlıq gələcək.

Xatırladaq ki, Ralf Hazenhüttl 2018-ci ildən “Sauthempton”a rəhbərlik edirdi. Avstriyadan olan mütəxəssis bu komandanı bütövlükdə 173 matça çıxarıb. “Sauthempton” bu matçlarda 59 qələbə qazanıb, 41 heç-heçə edib və 73 dəfə məğlub olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: