“Mançester Yunayted”in danimarkalı mərkəz hücumçusu Rasmus Höylund bundan sonra “Napoli”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyasının sonuncu qalibi 22 yaşlı forvardı 2025/2026-cı illər mövsümünün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Neapol klubu futbolçunun bir illik icarəsi üçün “qırmızı şeytanlar”a 6 milyon avro ödəyib.
Xatırladaq ki, Höylund “Hörsholm Usseröd” klubunda futbola qədəm qoyub. Ardınca o, “Brondbü”, “Kopenhagen”, “Şturm” (Qrats) və “Atalanta”da çıxış edib.
“Mançester Yunayted” Höylundu 2023-cü ilin avqustunda 73,9 milyon avro müqabilində “Atalanta”dan heyətinə qatıb. Danimarkalı hücumçunun İngiltərə nəhəngi ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Höylund “qırmızı şeytanlar”ın heyətində heç bir oyuna çıxmamışdı. O, “Mançester Yunayted”lə bütün yarışlarda 95 oyun keçirib, 26 qol vurub, 6 məhsuldar ötürmə verib.
Höylundun qənimətlər muzeyində “Kopenhagen”lə Danimarka çempionluğu (2021/2022) və “Şturm”la Avstriya Kuboku (2022/2023) var. O, “Mançester Yunayted”lə də 2024-cü ildə İngiltərə Federasiya Kubokunun qalibi olub.
Rasmus Höylund 2022-ci ilin sentyabrında debüt etdiyi Danimarka yığmasının heyətində 26 oyuna 8 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 22 yaşlı hücumçunun transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.
Elmas “Napoli”yə qayıtdı
“Napoli” keçmiş futbolçusu Elif Elması da geri qaytarıb. Neapollular Almaniyanın “Leypsiq” klubunda çıxış edən Şimali Makedoniya yığmasının üzvünü cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüblər. İtaliya klubu 25 yaşlı oyunçunun bir mövsümlük icarəsi üçün “Leypsiq”ə 2 milyon avro ödəyəcək.
Xatırladaq ki, Şimali Makedoniya yığmasının hücumameyilli yarımmüdafiəçisi Elif Elmas “Leypsiq”ə 2024-cü ilin əvvəlində 23 milyon avro müqabilində məhz “Napoli”dən keçmişdi. Amma o, Almaniya klubunun heyətində möhkəmlənə bilməyib. Belə ki, futbolçu Bundesliqa təmsilçisinin heyətində cəmi 22 oyuna çıxıb və 1 assistlə yadda qalıb. Ötən mövsüm isə o, İtaliyanın “Torino” klubunda icarədə olub – 13 oyun, 4 qol.
Elif Elmas Şimali Makedoniyanın “Rabotniçki” (Skopye) klubunun yetirməsidir. 2017-ci ilin iyulunda “Rabotniçki”dən “Fənərbağça”ya keçmiş Elmas, burada səviyyəsini artırıb və 2019-cu ilin iyulunda “Napoli”yə keçib.
Elmas vaxtilə “Napoli”nin heyətində bütün yarışlarda 189 oyun keçirib, 19 qol vurub, 11 məhsuldar ötürmə verib.
Elmas karyerası ərzində 2 qənimət əldə edib və bunların hər ikisi “Napoli” ilə bağlıdır. O, 2019/2020 mövsümündə İtaliya Kubokunun, 2022/2023 mövsümündə isə İtaliya A Seriyasının qalibi olub.
Elif 2017-ci ilin iyununda debüt etdiyi Şimali Makedoniya yığmasının heyətində 69 oyuna çıxıb, 13 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib. Elmas əsas yığmaya düşənə qədər Şimali Makedoniyanın U-15 yığmasında U-21 yığmasına qədər bütün mərhələrdən keçib.
“Transfermarkt” internet-portalı 25 yaşlı şimalimakedoniyalı yarımmüdafiəçinin transfer dəyərini 14 milyon avro məbləğində qiymətləndirir.
Sonda onu da xatırladaq ki, İtaliya çempionu UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibidir. Komandalar noyabrın 25-də Neapolda üz-üzə gələcəklər.



