İngiltərə nəhəngi “Liverpul” “Bayern”in və Niderland yığmasının mərkəz yarımmüdafiəçisi Rayan Qravenberx ilə maraqlanır.
Arena.az bu barədə jurnalist Santi Unaya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, futbolçunun özü də “Liverpul”a keçməyə razıdır. “Qırmızılar” hələ ki, “Bayern”ə rəsmi təklif göndərməyiblər. Bununla belə “Liverpul”un nümayəndələri Qravenberxin ətrafı ilə fəal surətdə əlaqə saxlayırlar.
Eyni zamanda “Mançester Yunayted”in də Qravenberxə iddialı olduğu xüsusilə vurğulanır. Buna qədər “Liverpul” maraq dairəsində saxladığı dayaq yarımmüdafiəçiləri ekvadorlu Moyses Kaysedo və belçikalı Romeo Lavia uğrunda mübarizəni uduzub. “Çelsi” hər iki “dayaqçı”nın saqqızını oğurlayaraq, “zadəganlar”a qoşub.
Geridə qalmış 2022/2023 mövsümündə Rayan Qravenberx “Bayern”in heyətində 33 oyuna çıxıb, 1 qol vurub eyni sayda məhsuldar ötürmə verib.
Qravenberxin “Bayern”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Transfermarkt” internet-portalı 21 yaşlı Rayan Qravenberxi 30 milyon avro məbləğində qiymətləndirir.


