“Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx “Real”ın keçmiş futbolçusu Toni Kroosla müqayisə edilməsinə münasibətini bildirib.
Arena.az niderlandlı futbolçunun bu barədə fikrini təqdim edir:
“Toni Kroosun əsl futbol əfsanəsi olduğunu eşitmək çox xoşdur. O, çox şey əldə edib, ona görə də əlbəttə, belə müqayisələr mənim üçün xoşdur”, deyə Qravenberx vurğulayıb.
Qeyd edək ki, Almaniya millisinin də sabiq üzvü olan Toni Kroos bu ilin yayında futbolçu karyerasını başa vurub.
Xatırladaq ki, Rayan Qravenberx futbola “Zebyurgiya” klubunda qədəm qoyub və buradan Niderland nəhəngi “Ayaks”ın düşərgəsinə yol taparaq, böyük futbolda debüt edib. Ardınca “Bayern”ə keçmiş Qravenberxi 2023-cü ilin sentyabrında “Liverpul” 40 milyon avro məbləğ müqabilində “qırmızılar”ın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun ingilis klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qravenberx “Liverpul”un heyətində bütün yarışlarda 20 oyuna çıxıb, 1 məhsuldar ilə yadda qalıb.
Qravenberxin “qırmızılar” üçün çıxışının ümumi mənzərəsi isə 58 oyun, 4 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Qravenberx 2021-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 18 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Rayan Qravenberxin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (3 dəfə) və Niderland Kuboku (2 dəfə), “Bayern”lə Almaniya Bundesliqası çempionluğu və Almaniya Super Kuboku, “Liverpul”la İngiltərə Liqa Kuboku var. Həmçinin Qravenberx Niderlandın U-17 yığması ilə Avropa çempionu (2018) olub.
“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin trasnfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


