“Real” 33 yaşlı hücumçu ilə müqavilə imzalayır?

Kərim Benzema ilə yollarını ayıran Madrid “Real”ı yay transfer pəncərəsində daha bir hücumçunu heyətinə qatmağı düşünür.

Arena.az COPE-yə istinadən xəbər verir ki, “Kral klubu”nun hədəfi “Espanyol” 33 yaşlı hücumçusu Xoseludur.

Daha əvvəl “qaymaqlılar” Cud Bellingem və Fran Qarsiya ilə müqavilə imzalayıb, həmçinin Brahim Diasi icarədən geri qaytarıblar. Bununla madridlilər komanda heyətindəki mövqeləri gücləndirmək istiqamətində vacib addımlar atıblar.

“Real” rəhbərliyinin qayğısı, komandadan ayrılıb Səudiyyə Ərəbistanı Liqasına keçmiş mərkəz hücumçusu Kərim Benzemaya əvəzləyici tapmaqdır. “Real” rəhbərliyi yaxın taktiki həll kimi La Liqanın bombardirlər yarışında 16 qolla üçüncü olmuş Xoselunu görür. Maraq üçün bildirək ki, geridə qalmış mövsümdə La Liqanın bombardiri 23 qolla polşalı hücumçu Robert Levandovski olub, Kərim Benzema isə 19 qol vurub. Kilian Mbappe və Harri Keyn variantları hazırda madridlilər üçün strateji tədbirlər qəbilindəndir.

Mənbənin məlumatına əsasən, Sequndaya yuvarlanmış “Espanyol” Xoselu ilə ayrılacaq. Onun səviyyəli çıxışını nəzərə alan “Real” təcrübəli hücumçunu transfer etmək istəyir.

2022/2023 mövsümündə Xoselu “Espanyol”un heyətində ümumilikdə 38 oyuna çıxıb. O, bu oyunlarda 17 qol vurub, 4 məhsuldar ötürmə ilə fərqlənib, “Espanyol” isə La Liqanı 19-cu pillədə tamamlayaraq Sequndaya yuvarlanıb.

“Transfermarkt” internet-portalı Xoselunu 6 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: