“Real” 35-ci dəfə İspaniya çempionu oldu, Ançelotti tarixi düşdü

“Real” tarixində 35-ci dəfə İspaniya çempionu olub. Arena.az xəbər verir ki, Madrid təmsilçisi La Liqada sona 4 tur qalmış çempionluğu təmin edib.

Sözügedən komanda bu gün 34-cü tur çərçivəsində doğma meydanda “Espanyol”la qarşılaşıb. Paytaxt klubu bu oyunda 4:0 hesabı ilə qalib gəlib. “Santyaqo Bernabeu” stadionunda keçirilmiş matçda qolları 33-cü və 43-cü dəqiqələrdə Rodriqo, 56-cı dəqiqədə Marko Asensio və 81-ci dəqiqədə Kərim Benzema vurub.

Bu qələbə sayəsində xallarını 81-ə çatdıran “Real” ən yaxın izləyicisi “Sevilya”nı 17, potensial izləyicisi “Barselona”nı isə 18 xal geridə qoyub. Bununla da La Liqada 2021/22 mövsümünün qalibi bəlli olub.

“Real” tarixində 35-ci dəfə İspaniya çempionatının qızıl medallarına sahib olub. “Kral klubu”nun bütün çempionluqlarının siyahısını təqdim edirik:

1931–32, 1932–33, 1953–54, 1954–55, 1956–57, 1957–58, 1960–61, 1961–62, 1962–63, 1963–64, 1964–65, 1966–67, 1967–68, 1968–69, 1971–72, 1974–75, 1975–76, 1977–78, 1978–79, 1979–80, 1985–86, 1986–87, 1987–88, 1988–89, 1989–90, 1994–95, 1996–97, 2000–01, 2002–03, 2006–07, 2007–08, 2011–12, 2016–17, 2019–20, 2021–22

“Real”ın italiyalı çalışdırıcısı Karlo Ançelotti isə “Böyük beşlik” ölkələrinin çempionu adını qazanan ilk baş məşqçi kimi tarixə düşüb. O, daha öncə ölkəsində “Milan”la, İngiltərədə “Çelsi” ilə, Fransada PSJ ilə, Almaniyada isə “Bayern”lə ölkə çempionu olmuşdu.

Qeyd edək ki, İspaniya nəhəngi bu mövsüm UEFA Çempionlar Liqasında da çempionluq şansını saxlayır. Ançelottinin yetirmələri İngiltərənin “Çelsi” komandasına səfərdə 3:4 hesabıyla uduzsa da, doğma meydanda baş tutacaq cavab matçında qalib gəlməklə finala çıxa bilər.

Xəbəri sosial şəbəkələrdə paylaş: