İspaniya nəhəngi Madrid “Real”ı komandanın braziliyalı mərkəz müdafiəçisi Eder Militao ilə müqaviləsini yeniləyib.
Arena.az La Liqa nəhənginin rəsmi saytına istinadən məlumat verir ki, yeni müqavilənin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq.
“Real” ulduz futbolçusuna yeni qiymət də qoyub. Müqavilədəki təzminat məbləği düz 1 milyard avro təşkil edir.
Xatırladaq ki, tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2025-ci ilin 30 iyununa qədər idi.
Eder Militao “Real”a 2019-cu ilin iyulunda 50 milyon avro qarşılığında “Portu”dan keçib.
Cari mövsümdə Militao “qaymaqlılar”ın heyətində cəmi 1 oyun – 50 dəqiqə keçirib. Məlum olduğu kimi, müdafiəçi ciddi zədəlidir və hazırda bərpa mərhələsindədir. Militaonun “Real”ın heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 143 oyun, 11 qol, 5 məhsuldar ötürmə. Vurğulayaq ki, Militao “qaymaqlılar”ın müdafiəsində aparıcı fiqurdur.
Eder “kral klubu” ilə 2 dəfə İspaniya La Liqasının, İspaniya Kral Kubokunun, 2 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.
Eder Militao 2018-ci ilin sentyabrında debüt etdiyi Braziliya millisinin heyətində 30 oyun keçirib, 2 qol vurub. Müdafiəçi Brazilya millisi ilə Amerika Kubokunu (2019) qazanıb.
“Transfermarkt” internet-portalı 26 yaşlı braziliyalı mərkəz müdafiəçisinin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


