İspaniya nəhəngi “Real” futbol hakimliyinin yaxşılaşdırılması üzrə hazırladığı planı təqdim etmək niyyətindədir.
Arena.az bu barədə “El Larguero” dərgisinin jurnalist Manu Karrenyoya istinadı əsasında məlumat verir.
Mənbənin məlumatına görə, Madrid klubunun işləyib-hazırladığı plan şəffaflıq əsasları üzərində qurulub və ilk növbədə VAR sisteminin işinə dair məqamları ehtiva edir. “Real” düşərgəsi azarkeşlərin və tamaşaçıların, VAR sistemində işləyən hakimlərin oyunlar zamanı nə barədə danışdıqlarından xəbərdar olmasını istəyir.
Xatırladaq ki, daha əvvəl “Real”, İspaniya Premyer Liqasının “Espanyol”la 22-ci tur səfər oyunundan (0:1) sonra, İspaniya Kral Futbol Federasiyasına (RFEF) hakimliklə bağlı rəsmi şikayət ünvanlamışdı. Bəyanatında klub İspaniyada hakimlik sisteminin büsbütün yenilənməsinə çağırış etmişdi.
Cari mövsümdə keçirdiyi 23 oyunda 50 xal toplamış Madrid təmsilçisi İspaniya La Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb.


