“Real” Kərim Benzema üçün vida oyunu təşkil edəcək

İspaniya nəhəngi “Real” komandanın fransalı sabiq hücumçusu Kərim Benzema üçün vida oyunu təşkil etməyə hazırlaşır.

Arena.az xəbər verir ki, Madrid klubu bu məqsədlə Benzemanın hazırda çıxış etdiyi “Əl İttihad” komandası ilə yoldaşlıq oyunu təşkil etməyi nəzərdə tutur.

Səudiyyə Ərəbistanı təmsilçisi ilə görüşün “Santyaqo Bernabeu” stadionunda təşkil olunması gözlənilir. Bu tədbirlə “Real” sabiq hücumçusuna hörmətini və təşəkkürünü ifadə etmək niyyəti güdür.

Xatırladaq ki, Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “kral klubu”nda 14 mövsüm keçirib. Benzema “qaymaqlılar”ın heyətində ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Cari mövsümdə isə Kərim yeni komandası “Əl-İttihad”ın heyətində 7 oyuna 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə 2021 UEFA Millətlər Liqasını qazanıb.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub turnirlərinin qənimətləri var.

Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Bemzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib. Kərim 6 qolla 2007/2008 mövsümü Fransa Kubokunun və həmin mövsümdə 20 qolla Fransa Liqa 1-nin, eləcə də 2021/2022 mövsümündə 2 qolla İspaniya Super Kubokunun, 27 qolla İspaniya La Liqasının və 15 qolla Çempionlar Liqasının ən sərrast futbolçusu olub.

“Transfermarkt” internet-portalı 35 yaşlı Kərim Benzemanı 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: