“Real” klub televiziyasının videolarına görə cəzalandırılmayacaq

İspaniya Kral Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi “Real”ın klub televiziyasına görə bu komandanı cəzalandırmayacaq.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, RFEF “Sevilya”nın müvafiq şikayəti ilə bağlı heç bir tədbir görməmək qərarına gəlib.

Xatırladaq ki, oyundan əvvəl, “Real”ın klub televiziyası komandalar arasında baş tutacaq oyunda baş hakim olacaq İsidro Dias de Mera Eskuderosun hakimliyinin təhlilini əks etdirən video yayımlamışdı. Bu təhlildə Eskuderosun əvvəlki oyunlarda “qaymaqlılar”a qarşı səhvlərə yol verdiyi ifadə edilirdi.

Öz növbəsində, “Sevilya” rəqibin klub televiziyasının bu mövqeyini RFEF-in Ümumi Əsasnaməsinə zidd olub-olmadığını öyrənmək niyyətində olub. Bundan əlavə, Əndəlüs klubu öz fikrincə, Madrid təmsilçisinin klub televiziyasının hakimlərin simasına xələl gətirən davranışını pisləyib.

İntizam Komitəsinin üzvləri hesab ediblər ki, “Real” tərəfindən intizam məcəlləsinin hansı hissəsinin pozulduğu göstərilmədiyi üçün şikayət üzrə işin başlanmasına əsas yoxdur.

Xatırldaq ki, oyun madridlilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Hazırda paytaxt təmsilçisi 26 turdan sonra La Liqanın yarış cədvəlində 65 xalla liderdir. “Sevilya” isə 24 xalla 15-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: