“Real”ın qarşıdakı qış transfer pəncərəsində “Qalatasaray”ın argentinalı mərkəz hücumçusu Mauro İkardini transfer etməyəcəyi məlum olub.
Arena.az bu barədə məşhur italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir.
Mənbənin məlumatına görə, “kral klubu” Mauro İkardinin cari mövsümdəki çıxışından heyran olsa da, müvafiq transferə getməyəcək. Belə ki, klub rəhbərliyi gənc oyunçulara qoyuluş etmək strategiyasına sadiq qalmağı daha düzgün hesab edib.
Madridlilər daha əvvəl “Palmeyras”dan aldıqları 17 yaşlı braziliyalı hücumçu Endrikin yayda gəlişini gözləməyi qərara alıblar. Klubda yeniyetmə futbolçuya güvənir və etimad edirlər. Rəhbərlik Endrikin mövsümə parlaq başlayacağına ümidlidir. Buna qədərsə “Real”ın məşqçilər qərargahı komandanın mövcud futbolçularının hesabına keçinmək fikrindədir.
Daha əvvəl, hücum xəttinin aparıcı futbolçularından olan braziliyalı sol vinger Vinisius Juniorun zədəsi səbəbilə “Real”ın Mauro İkardinin transferi üzərində çalışdığı haqda məlumat yayılmışdı. Argentinalı futbolçunun agenti bu xüsusda “Real”la danışıqlar apardığını da bəyan etmişdi.
Mauro İkardi bir müddət icarə əsasında çıxış etdiyi “Qalatasaray”a cari ilin iyulunda 10 milyon avro müqabilində PSJ-dən tamhüquqlu transferlə keçib. Argentinalı hücumçunun “Cimbom”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə İkardı “Qalatasaray”ın heyətində 21 oyuna 16 qol, 5 məhsuldar ötürmə ilə fərqlənib. İkardi 2022/2023 mövsümndə “Qalatasaray”la Türkiyə Super Liqasının qalibi olub.
Argentinalı hücumçu “Qalatasaray”a qədər PSJ, “İnter” və “Sampdoriya”da çıxış edib.
Mauro İkardi 2013-cü ilin oktyabrında debüt etdityi Argentina yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub, eyni sayda məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 30 yaşlı Mauro İkardini 20 milyon avro məbləğində qiymətləndirir.


