İspaniyanın “Real” (Madrid) klubu İtaliya təmsilçisi “Komo”da forma geyinən gənc futbolçusu Niko Pasın gələcəyi ilə bağlı rəsmi açıqlama yayıb.
Arena.az xəbər verir ki, Madrid təmsilçisi, “Komo” və futbolçu arasında əldə olunan razılığa əsasən, argentinalı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümünü də İtaliya klubunda keçirəcək.
Bununla yanaşı, “kral klubu” Niko Pasın transfer hüquqlarını 2027/2028-ci illər mövsümündən əvvəl birtərəfli qaydada geri almaq hüququnu özündə saxlayıb. Madrid klubu bildirib ki, bu qərar futbolçunun öz istəyi nəzərə alınaraq qəbul edilib.
21 yaşlı futbolçu 2024-cü ilin yayında “Real”ın akademiyasından “Komo”ya transfer olunub. O, son iki mövsümdə İtaliya klubunun əsas simalarından birinə çevrilərək bütün turnirlərdə 75 oyunda 19 qol və 17 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Transfermarkt” portalı Niko Pasın bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Beləliklə, İspaniya nəhəngi gənc argentinalının inkişafını daha bir mövsüm “Komo”da davam etdirməsinə şərait yaratsa da, onun gələcəkdə yenidən “Santyaqo Bernabeu”ya qayıtması üçün bütün hüquqları öz əlində saxlayıb.


