İspaniya La Liqasında mübarizə aparan “Real Sosyedad” qış transfer pəncərəsi çərçivəsində iki futbolçusu ilə yollarını ayırıb.
Arena.az verir ki, komandanın fransalı mərkəz hücumçusu Məhəmməd-Əli Şo “Nitsa”ya satılıb, ispan mərkəz hücumçusu Xon Karrikaburu isə “Andorra”ya icarəyə verilib.
Bu barədə İspaniya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Bask klubu Məhəmməd-Əli Şonu “Nitsa”ya 10 milyon avro müqabilində satıb. “Nitsa” Şo ilə müddəti 2028-ci ilin iyun oyunun sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Şo Fransanın “Şantiyi” klubunun yetirməsidir. PSJ və “Everton”un yeniyetmələr komandasında oynamış Şo, böyük futbolda “Anje” ilə debüt edib və buradan “Real Sosedad”a transfer edilib.
Cari mövsümün ilk yarısında Şo İspaniya klubunun heyətində 16 oyuna çıxıb, məhduldar fəaliyyəti ilə fərqlənməyib.
Şo “Nitsa”nın heyətində Liqa 1 çərçivəsində debüt etməyə macal tapıb – 1 oyun keçirib, 26 dəqiqə meydanda olub, amma məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Məhəmməd-Əli Şo Fransanın yeniyetmələrdən və gənclərdən ibarət yığmalarında çıxış etsə də, “xoruzlar”ın əsas heyətində hələ debüt etməyib.
“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı mərkəz hücumçusunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.
Xon Karrikaburuya gəlincə, ispan mərkəz hücumçusu cari mövsümün sonuna qədər “Andorra”da icarədə olacaq.
Cari mövsümün ilk yarısını Karrikaburu “Deportivo Alaves”də icarədə keçirib, 4 oyunda 3 qolla yadda qalıb.
Karrikaburu “Real Sosyedad”ın öz yetirməsidir, “Leqanes” və “Deportivo Alaves”də icarədə olub. Bask klubu gənc hücumçuda perspektiv gördüyü üçün Karrikaburunu icarələrdə təkmilləşdirib yetişdirmək istəyir.
Xon Karrikaburu İspaniyanın U-21 yığmasında 2 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 2,5 milyon avro məbləğində qiymətləndirir.


