Madrid “Real”ının “Espanyol”un 33 yaşlı hücumçusu Xoselu ilə icarə müqaviləsi imzaladığı barədə iddialar yayılıb.
Arena.az bu barədə jurnalist-insayder Fabrisio Romanonun “Twitter” hesabına istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Xoselu 2023/2024 mövsümünü “Real”da icarədə keçirəcək. “Espanyol” bu icarədən 500 min avro qazanc əldə edəcək. Həmçinin, “Real” 1,5 milyon avro ödəməklə Xoselunun transfer hüquqlarını da ala bilər. “Kral klubu”nun düşərgəsinə keçidi müqabilində futbolçu məvacibinin azaldılmasına razılaşıb.
Vurğulayaq ki, Xoselu 2010/2011 mövsümündə “Real”da çıxış edib.
2022/2023 mövsümündə o, “Espanyol”un heyətində 38 oyuna çıxıb, 17 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu 16 qolla La Liqanın bombardirləri arasında 3-cü olub. “Espanyol” La Liqada 19-cu pilləni tutaraq Sequndaya yuvarlanıb.
Xoselu bu il debüt etdiyi İspaniya millisində keçirdiyi ilk üç oyunda üç qol vurub.
“Transfermarkt internet-portalı Xoselunu 6 milyon avro məbləğində qiymətləndirir.


