Madrid “Real”ı mövsümöncəsi hazırlıq dönəmində itki ilə üzləşib, komandanın yarımmüdafiəçisi Daniel Sebalyos zədələnib.
Arena.az bu barədə “Kral klubu”nun rəsmi saytına istinadən xəbər verir.
Klubun tibbi heyəti 26 yaşlı mərkəz müdafiəçisini ilkin müayinədən keçirib. Sebalyosun sağ budunda distal vətər zədəsi aşkarlanıb. Məşq zamanı alınmış zədənin xroniki xarkterli fəsad nəticəsində meydana gəldiyi təxmin edilir. Müalicə müddəti açıqlanmasa da, həkimlər Sebalyosun uğurla bərpa keçəcəyinə təminat veriblər.
Ancaq buna rəğmən, Sebalyos “Real”ın mövsümöncəsi ilk məşqlərini buraxmalı olacaq ki, bu da “Kral klubu”nun heyətində yarımmüdafiə xəttindəki şiddətli rəqabət fonunda heç də Sebalyosun xeyrinə olacaq amil deyil. “Real”ın orta sahəsində Luka Modriç, Toni Kroos, Cud Bellingem, Federiko Valverde, Eduardo Kamavinqa ilə yanaşı, yenidən iddialı mövqeyi ilə əsas heyətdə yerini qaytarmaq istəyən Orelyen Tçuameni rəqabət aparır.
İspaniya mətbuatı Sebalyosun təxminən ayyarım yaşıl meydanlardan kənarda qalacağını bildirir.
Xatırladaq ki, Daniel Sebalyos geridə qalmış 2022/2023 mövsümündə “Real”ın heyətində 46 oyuna çıxıb, 1 qol vurub, 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Sebalyosu 12 milyon avro məbləğində qiymətləndirir.


