Futbol üzrə İspaniya millisinin və Madrid “Real”ının müdafiəçisi Serxio Ramos yenidən zədələnib.
Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçu millinin düşərgəsindən zədəli qayıdıb. Həkim müayinəsindən sonra onun sol ayaq əzələsindən zədə aldığı müəyyənləşib. Təcrübəli müdafiəçinin təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu da o deməkdir ki, Ramos aprelin 6-da Çempionlar Liqasının 1/4 finalında “Liverpul”la, ayın 10-da isə La Liqada “Barselona” ilə matçlarda komandasına kömək edə bilməyəcək.
Serxio Ramos özü də durumu ilə bağlı açıqlama verib. O, ötən gün DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirdikləri oyundan sonra sol ayağında ağrılar hiss etdiyini bildirib: “Bu gün götürülən analizlərdən sonra əzələ zədəsi aşkarlandı. Məni üzən bir şey varsa, o da mövsümün ən önəmli matçlarının oynanılacağı bir dönəmdə komandama kömək edə bilməməkdir”.
Qeyd edək ki, Ramos bu mövsüm İspaniya La Liqasında 15 oyuna çıxıb, 2 qola imza atıb.


