“Real”da Tibo Kurtua şoku – Azərbaycana gələsi olmadı

Futbol üzrə Belçika milli komandasının və İspaniya nəhəngi “Real”ın təcrübəli qapıçısı Tibo Kurtua məşqdə zədələnib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən məlumat verir.

Zədədən sonra belçikalı qapıçı məşq meydançasını tərk etmək məcburiyyətində qalıb. Meydançanı özü tərk edə bilməyən Kurtuanı tibbi heyət xərəkdə meydançadan çıxarmalı olub. Tibbi müayinədən sonra Kurtuaya sol dizin ön çarpaz bağının qopması diaqnozu qoyulub. Belçikalı qapıçını yaxın günlərdə cərrahi əməliyyat gözləyir.

Kurtua 2018-ci ilin yayından “Real”da çıxış edir. “Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Geridə qalmış 2022/2023 mövsümündə Tibo Kurtua “Real”ın heyətində 49 oyuna çıxıb. O, bu oyunlarda 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.

Tibo Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Tibo Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı Tibo Kurtuanı 45 milyon avro məbləğində qiymətləndirir.

Sonda onu da qeyd edək ki, Kurtua bu zədə səbəbindən AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan yığması ilə qarşıdakı oyunu da buraxacaq. Sentyabrın 9-da Azərbaycan millisinin qonağı olacaq Belçika seçməsi üç gün sonra Estoniya yığmasını qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: