“Espanyol”dan cari mövsümün sonuna qədər icarə əsasında “Real”da çıxış edən ispan mərkəz hücumçusu Xoselu zədələnib.
Arena.az Madrid klubunun rəsmi saytına istinadən məlumat verir ki, 33 yaşlı Xoseluya sağ topuq nahiyəsində sümüyün şişməsi diaqnozu qoyulub.
AS nəşrinin məlumatına görə, veteran hücumçu 3 həftə futbolsuz qalmalı olacaq. Beləliklə, “Real” martın 6-da “Leypsiq”lə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunda Xoselunun xidmətindən istifadə edə bilməyəcək.
Xatırladaq ki, Xoselu ötən il iyulun əvvəlində icarə əsasında “Espanyol”dan “Real”a keçib. “Kral klubu” cari mövsümün sonunda Xoselunu transfer etmək hüququna malikdir.
Cari mövsümdə ispan hücumçu “Real”ın heyətində bütün yarışlarda 25 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
Xoselunun qənimətlər muzeyində klub səviyyəsində qazandığı ilk və yeganə qənimət “Real”la qalibi olduğu cari mövsümün İspaniya Super Kubokudur.
Xoselu 2023-cü ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 9 oyuna 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib. Hücumçu 2023 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 33 yaşlı ispan mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.


