“Real”ın futbolçuları zədəli Qaviyə dəstək nümayiş etdirdilər

“Real”ın düşərgəsindən “Barselona”nın zədəli mərkəz yarımmüdafiəçisi Qaviyə mənəvi dəstək nümayiş etdirilib.

Arena.az məlumat verir ki, “Real”ın futbolçuları – müdafiəçi Dani Karvaxal və hücumçu Xoselu İspaniya və Gürcüstan yığmaları arasında AÇ-2024-ün seçmə mərhələsinin “A” qrupunun 8-ci turu çərçivəsində keçirilmiş oyunun (3:1) 26-cı dəqiqəsində zədələnmiş Qaviyə dəstək ismarışları paylaşıblar.

“Rəqib və həmkarıq, amma hər şeydən əvvəl insanıq. Daha güclü qayıdacaqsan, dostum. Uğurlar, Qavi”, – Karvaxal özünün “X” sosial şəbəkə hesabı üzərindən yazı dərc edib.

Xoselu isə özünün “X” sosial şəbəkə hesabı üzərindən hamının adından Qaviyə müraciət ünvanlayıb:

“Dost, bu qələbə məğlubiyyətdən də pis oldu. Sən cəsarətlə və rəşadətlə bunun öhdəsindən gələcək fantastik oğlansan. Kədərlənmə. Biz hamımız səni dəstəkləyirik”.

Qavi “Barselona”nın yetirməsidir. Onun bu klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. Yarımmüdafiəçisi “Barsa”nın əsas komandasında 2021-ci ilin avqustunda debüt edib.
Cari mövsümdə Qavi “Barselona”nın heyətində 15 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib. Gənc futbolçunun “Barselona”nın heyətində ümumi statistikası belədir: 111 oyun, 7 qol, 14 məhsuldar ötürmə. Yarımmüdafiəçi ötən mövsüm İspaniya La Liqasını və İspaniya Super Kubokunu qazanıb.

Qavi 2021-ci ilin oktyabr ayında debüt etdiyi İspaniya yığmasında 27 oyun keçirib, 5 qol vurub və 2023 UEFA Millətlər Liqasının qalibi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı Qavini 90 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Qavinin aldığı zədə – dizin ön çarpaz bağlarının yırtığı müqabilində 6-8 ay yaşıl meydanlardan kənarda qalacağı təxmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: