“Real”ın yeni ulduzu Endrik özünün futbol uğurlarının sirrini açdı

“Real”ın gələcək futbolçusu, 17 yaşlı braziliyalı mərkəz hücumçusu Endrik futbolda uğur qazanmağın sirri haqqında danışıb.

Arena.az “Marca” nəşrinə istinadən, Endrikin bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Futbolda soyuqqanlı olmaq lazımdır. Mən beləyəm. İlk günlərdən mənə heç kimdən qorxmadığımı göstərmək gərək olub. Mən soyuğam, ən azından verdiyim qərarlara və danışığıma görə, anam və bacım belə deyirlər. Futbolda soyuq olmaq lazımdır”, deyə yeniyetmə futbolçu bildirib.

Xatırladaq ki, böyük futbolda 2-ci mövsümünü keçirən 17 yaşlı Endrik “Palmeyras”ın yetirməsidir. O, “Real”la artıq müqavilə imzalayıb, amma 18 yaşı tamam olmadığı üçün yalnız 2024-cü ilin yayında, həddi-büluğa çatdıqdan sonra “kral klubu”na qoşulacaq.

“Transfermarkt” internet portalının məlumatına görə, Endrikin “Real”a keçidi Madrid klubuna 37,5 milyon avroya başa gəlib.

Endrik Braziliya futbolunun artıq başa çatmış son mövsümündə “Palmeyras”ın heyətində 53 oyuna çıxıb, 14 qol vurub, 1 məhsuldar ötürmə verib. Yeniyetmə futbolçu geridə qalmış mövsümdə 2022/2023 Braziliya A Seriyasının və 2023 Braziliya Super Kubokunun qalibi olub. Hücumçu həmçinin 2021/2022 mövsümündə də “Palmeyras”la Braziliya çempionluğunu bayram edib.

Endrik 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.

“Transfermarkt” internet-portalı 17 yaşlı braziliyalı mərkəz hücumçusu Endrikin Transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: