Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Kayserispor” komandasını bundan sonra Recep Uçar çalışdıracaq.
Arena.az xəbər verir ki, bu barədə Kayseri klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
47 yaşlı mütəxəssislə müqavilənin müddəti açıqlanmayıb. O, ötən gün artıq yeni komandasını ilk məşqə də çıxarıb. “Kayserispor” yeni baş məşqçisi üçün bu gün – sentyabrın 12-də təqdimat mərasimi keçirəcək.
Recep Uçar son olaraq “Ümraniyəspor”a rəhbərlik edib. O, 2020-ci ildən çalışdırdığı bu komandadan bu ilin aprel ayında ayrılmışdı. “Ümraniyəspor” bu məşqçinin rəhbərliyi altında keçirdiyi 97 oyunda 42 qələbə, 22 heç-heçə görüb, 33 məğlubiyyətlə üzləşib. Türkiyəli mütəxəssis daha öncə “Beşiktaş”da köməkçi-məşqiçi kimi də çalışıb.
Xatırladaq ki, Uçar “Kayserispor”un baş məşqçi postunda bir neçə gün öncə öz istəyi ilə komandadan ayrılmış Çağdaş Atanı əvəz edib. Hansı ki, o, 2022-ci ilin iyun ayından Kayseri təmsilçisinin baş məşqçisi postunda çalışırdı. O, bu komandanı bütövlükdə 43 oyuna çıxarıb. Kayseri klubu görüşlərdə 18 qələbə qazanıb, 8 heç-heçə edib, 17 məğlubiyyətə üzülüb.
Çağdaş Atan da bundan sonra Emre Belözoğlunu istefaya göndərən “Başakşəhər”in baş məşqçisi kimi çalışacaq. Artıq onun da təyinatı rəsmən açıqlanıb.
“Kayserispor” bu mövsüm Türkiyə Super Liqasında hələ məğlubiyyət acısı yaşamayıb. Belə ki, bu komanda keçirdiyi 4 oyunda 1 qələbə və 3 heç-heçə sayəsində 6 xal toplayıb və 20 iştirakçı arasında 9-cu sırada qərarlaşıb.


