Renat Dadaşov darmadağını kənardan izlədi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 30-cu turu çərçivəsində “Samsunspor”la qarşılaşıb.

“Hatayspor” bu rəqiblə doğma meydanda baş tutan oyundan qələbə ilə ayrılıb – 3:0. 3-cü dəqiqədə hesabı açan hataylılar 89-cu və 90+2-ci dəqiqələrdə də fərqlənməklə darmadağına imza atıblar.

Dadaşov bu oyunun iştirakçısı olmayıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu sonadək ehtiyatda qalıb.

Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 30 turdan sonra 33 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 30 oyunda 7 qələbə qazanıb, 12 heç-heçə edib, 11 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 26 oyun keçirib və 4 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: