Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunda debüt matçına çıxıb.
Arena.az xəbər verir ki, 25 yaşlı forvardın yenicə müqavilə bağladığı Ankara təmsilçisi TFF 1-ci Liqanın 2024/2025 mövsümünün ilk turu çərçivəsində “Şanlıurfaspor”la qarşılaşıb.
Ankarada baş tutan bu görüş meydan sahiblərinin inamlı qələbəsiylə yekunlaşıb – 2:0.
Bir neçə gün öncə Ankara təmsilçisi ilə 2 illik (2026-cı ilin 30 iyununa qədər) müqaviləyə imza atmış azərbaycanlı futbolçu bu görüşün 67-ci dəqiqəsində meydana buraxılıb. O, meydana çıxdıqdan cəmi 10 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb və matçın yekun nəticəsini müəyyənləşdirib. Bununla da Dadaşov debütünü həm qol, həm də qələbə ilə yaddaqalan edib.
Xatırladaq ki, “Ankaragücü” ötən mövsümü Türkiyə Super Liqasında keçirib. Amma komanda keçirdiyi 38 oyunda 40 xal topladığı üçün 20 iştirakçı arasında 17-ci yeri tutub və TFF 1-ci Liqaya düşüb. Renatın yeni komandası qarşıdakı mövsümdə yenidən Super Liqaya qayıtmaq üçün mübarizə aparacaq.
Renat Dadaşov Türkiyə klubuna 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” komandasından gəlib. O, İsveçrə komandasının heyətində 40 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Renat ötən mövsümü Türkiyənin “Hatayspor” klubunda icarədə keçirib. Dadaşov Super Liqa təmsilçisində mövsüm ərzində 32 oyun keçirib və 6 qol vurub.
Renat karyerası ərzində “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Vulverhempton” (U-21), “Ayntraxt” (U-19), “Leypsiq” (U-19, U-17) kimi komandalarda da oynayıb. Almaniyanın U-16 və U-17 yığmalarında da oynamış Dadaşov, 2017-ci ildə Azərbaycanın U-21 yığmasında 2 oyun keçirib. Elə həmin ilin sentyabrında əsas millimizdə debüt edən hücumçu indiyə qədər yığmamızda 30 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.


