Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov Türkiyə Super Liqasında mübarizə aparan “Hatayspor”dan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə futbolçu özü sosial şəbəkə hesabında paylaşım edib:
“Hər şey üçün təşəkkür edirəm, Hatay!”, – deyə Dadaşov bildirib.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu ötən ilin yayında 2023/2024 mövsümünün sonuna kimi satınalma şərti ilə icarəyə götürmüşdü. Dadaşov Hatay təmsilçisində mövsüm ərzində 32 oyun keçirib və 6 qol vurub.
Renatın “Qrasshopper”lə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var. O, vaxtilə İsveçrə komandasının heyətində 40 oyuna çıxıb, 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
“Qrasshopper” İsveçrə çempionatında 2023/2024 mövsümün əsas hissəsini 23 xalla 12 iştirakçı arasında 11-ci pillədə başa vurub. Bu üzdən komanda elitanı tərk etmək təhlükəsiylə üz-üzədir. Hazırda Renatın klubu pley-offda mübarizə aparır. Komanda pley-offun finalında “Tyun”la qarşılaşıb. “Qrasshopper”in meydanında baş tutan ilk oyunda qalib müəyyənləşməyib – 1:1. Cavab görüşü mayın 31-də “Tyun”un meydanında keçiriləcək.