Renat Dadaşov Malatyada 8 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025 mövsümünün 9-cu turu çərçivəsində “Yeni Malatyaspor”la qarşılaşıb.

Ankara təmsilçisi səfərdə baş tutan bu oyundan möhtəşəm qələbə ilə ayrılıb – 3:0. Renat qarşılaşmanın 82-ci dəqiqəsində meydana buraxılıb.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 17 yaşlı Həsən Nəzərov isə bu dəfə iştirak ərizəsinə də daxil edilməyib.

“Ankaragücü” 9 turdan sonra 13 xalla 20 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 9 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 2 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: