Renat Dadaşov mövsümün son matçında 19 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın “Radomyak” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Radom təmsilçisi bu gün Polşa çempionatının 2024/2025-ci illər mövsümünün sonuncu – 34-cü turu çərçivəsində evdə “Motor”la qarşılaşıb.

Digər azərbaycanlı futbolçu – Rahil Məmmədovun da formasını geyindiyi “Radomyak” bu matçdan məğlubiyyətlə ayrılıb – 2:3.

Dadaşov bu matçın 71-ci dəqiqəsində meydana buraxılıb. Renatdan fərqli olaraq, Rahil bu görüşün iştirakçısı olmayıb. Mərkəz müdafiəçisinin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Xatırladaq ki, Renat Dadaşov “Radomyak”a bu ilin mart ayında Türkiyənin “Ankaragücü” klubundan azad agent kimi keçib. 25 yaşlı futbolçu ilə bu ilin yayına qədər müqavilə imzalanıb. Polşalılar sözləşmənin müddətini sonradan uzatmaq hüququna malikdirlər. O, “Radomyak”da keçirdiyi 12 oyunda 2 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçmişdi. O, Ankara təmsilçisinin heyətində 17 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Renat Dadaşov karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Bu turu buraxmış Rahil Məmmədov isə 2024-cü ilin yayında Polşanın digər klubu LKS-dən (Lodz) azad agent kimi ayrılaraq “Radomyak”a keçib. 28 yaşlı futbolçu yüksək liqa təmsilçisi ilə 2 illik müqaviləyə imza atıb. O, bu komandanın heyətində 14 oyuna çıxıb. Qış fasiləsindən sonra oynamayan azərbaycanlı müdafiəçinin komandadan ayrıldığı da iddia olunur.

Rahil Məmmədov daha öncə ölkəmizdə “Qarabağ”, “Neftçi”, “Səbail” və “Zirə”nin də formasını geyinib. 28 yaşlı müdafiəçi 2018-ci ilin mart ayında debüt etdiyi Azərbaycan milli komandasının heyətində 21 oyuna çıxıb.

“Radomyak” Polşa çempionatında 2024/2025-ci illər mövsümünü 34 oyuna topladığı 41 xalla 18 iştirakçı arasında 12-ci pillədə başa vurub. “Radomyak” 34 oyunda 11 qələbə qazanıb, 8 heç-heçə edib, 15 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: