Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” komandasında növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, futbolçumuzun komandası bu gün Türkiyə Super Liqasının 31-ci turu çərçivəsində “Qalatasaray”la qarşılaşıb.
“Hatayspor” bu rəqiblə səfər oyunundan məğlubiyyətlə ayrılıb – 0:1. Hataylılar 12-ci dəqiqədə buraxılan qolun əvəzini çıxmağı bacarmayıblar.
Dadaşov bu oyunun 77-ci dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 4 qol vurmuş hücumçu bu dəfə fərqlənə bilməyib.
Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəlin çalışdırdığı “Hatayspor” 31 turdan sonra 33 xalla 20 kollektiv arasında 15-ci pillədə qərarlaşıb. Komanda keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 12 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Renat Dadaşov müqavilə ilə 2022-ci ilin iyul ayından formasını geyindiyi İsveçrənin “Qrasshopper” klubuna məxsusdur. Türkiyə klubu onu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb. Dadaşov Hatay təmsilçisində 26 oyun keçirib və 4 qol vurub.


