Renat Dadaşov üçün bir hissə və 3 xal

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunun heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda TFF 1-ci Liqanın 2024/2025-ci illər mövsümünün 20-ci turu çərçivəsində “Şanlıurfaspor”la qarşılaşıb.

Ankara təmsilçisi səfərdə baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Renat qarşılaşmanın 46-cı dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 2 qol və 1 məhsuldar ötürmə müəllifi olan azərbaycanlı futbolçu bu dəfə fərqlənə bilməyib.

“Ankaragücü” klubunun U-19 kollektivinin formasını geyinən digər azərbaycanlı futbolçu – 18 yaşlı Həsən Nəzərov isə bu dəfə sonadək ehtiyatda qalıb.

“Ankaragücü” 20 turdan sonra 30 xalla 20 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. Futbolçularımızın komandası 20 oyunda 9 qələbə qazanıb, 3 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Renat Dadaşov bu mövsümün əvvəlində İsveçrənin “Qrasshopper” klubundan “Ankaragücü” komandasına keçib. O, Ankara təmsilçisinin heyətində 16 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Millimizin forvardı ötən mövsümdə də icarə əsasında Türkiyənin digər klubu “Hatayspor”un formasını geyinib.

Ankara klubunun öz yetirməsi olan Həsən Nəzərov isə əsas komandada 4 oyun keçirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: