Fransa çempionu PSJ-nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Renato Sançes “Roma” ilə icarə müqaviləsi imzalayıb.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Portuqal futbolçu yeni kluba keçidlə bağlı fikirlərini də bölüşüb: “Belə bir böyük kluba keçdiyim üçün çox xoşbəxtəm. Klubun layihəsi məni cəlb etdi. Düşünürəm ki, “Roma”da oynamaq mənim üçün mükəmməl seçimdir. İstənilən futbolçunun azarkeş dəstəyini hiss etməsi çox vacibdir”.
“Roma” Sançesi satınalma şərti ilə icarəyə götürüb. Bir illik müqavilə üçün parislilərə 1 milyon avro ödəniləcək. Gələn ilin yayında “canavarlar” bu oyunçunun transfer hüquqlarını da almaq istəsələr, əlavə 15 milyon avro ödəniş etməli olacaqlar. Renato yeni komandasında 20 nömrəli formanı geyinəcək.
Renato Sançes PSJ-yə ötən ilin avqust ayında Fransanın digər klubu “Lill”dən 15 milyon avro qarşılığında keçib. 25 yaşlı futbolçu Paris təmsilçisində 27 oyun keçirib, 2 qola imza atıb. O, daha öncə “Bayern”, “Benfika”, “Suonsi Siti” kimi klubların da formasını geyinib. Renato Portuqaliya millisində də 32 oyun keçirib, 3 qol vurub.
Xatırladaq ki, “Roma” bu gün PSJ-nin digər yarımmüdafiəçisi Leandro Paredesi də heyətinə qatıb. Lakin Renatodan fərqli olaraq, Paredes transfer hüquqlarıyla birgə alınıb. Argentinalı futbolçu əvvəllər də formasını geyindiyi İtaliya klubu ilə 2+1 illik müqaviləyə imza atıb. Leandro 2014-2017-ci illər aralığında “canavarlar”ın heyətində 54 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.



