Məşhur kanadalı repçi Dreyk bu mövsümdən İtaliya A Seriyasında çıxış edəcək “Venesiya” futbol klubunun iflasa uğramamasına kömək edib.
Arena.az bu barədə “The Sun” dərgisinin TMZ dərgisinə istinadı əsasında məlumat verir.
Mənbənin məlumatına görə, Dreykin həmyerlisi olan, “Venesiya”nın ortaq sahibi Bred Katsuyama kömək üçün repçiyə müraciət edib. İtalyan klubu bir neçə həftə ərzində 10 milyon avro məbləğ, daha sonrakı bir neçə ay ərzində isə daha 30 milyon avro məbləğ toplamaq zərurətində idi.
Sonrakı iki həftə ərzində “Venesiya” məşhur repçinin köməyi ilə müxtəlif Şimali Amerika sərmayədarlarından 31 milyon funt-sterlinq (36 milyon avro) məbləğində pul toplaya bilib. Bu pul kluba mövcud borclarını bağlamağa imkan verib.
“Venesiya” A Seriyasının 2024/2025-ci illər mövsümünə avqustun 18-də “Latsio” ilə oyunla başlayacaq.


