Almaniyanın “Union Berlin” klubunun niderlandlı mərkəz müdafiəçisi Rik van Drongelen Türkiyə təmsilçisi “Samsunspor”a transfer olub.
Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 3 illik (2026-cı ilin 30 iyununa kimi) müqavilə imzalanıb. Samsun klubunun bu transfer üçün Almaniya klubuna təzminat ödəyib-ödəmədiyi açıqlanmır.
Rik van Drongelen 2021-ci ildə “Union Berlin”ə transfer edilsə də, əsas komandada forma şansı qazanmayıb. O, əvvəlcə “Mexelen”ə icarəyə verilib. Ötən mövsümü isə futbolçu Almaniyan 2-ci Bundesliqasında mübarizə aparan “Hanza” (Rostok) klubunda icarədə keçirib. O, bu komandada 23 oyuna çıxıb, 1 qol da vurub.

Van Drongelen daha öncə “Sparta” (Rotterdam) və “Hamburq”da da oynayıb. Niderlandın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynamış futbolçu əsas millidə debüt şansı qazanmayıb.
“Samsunspor” “Portu”nun sağ cinah müdafiəçisi Nanunu da transfer edib. Qvineya Bisaudan olan 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb. 2020-ci ildən “Portu”da olan müdafiəçi bu komandada 21 oyun keçirib, 3 məhsuldar ötürmə müəllifi olub. O, son mövsümləri icarə əsasında “Dallas” və “Santa Klara”da keçirib. Nanu daha öncə “Beyra Mar”, “Qafanya”, “Maritimo” kimi klubların da formasnı geyinib. O, Qvineya Bisau yığmasında da 21 oyun keçirib, 1 qol vurub.

“Samsunspor” öz sağ cinah müdafiəçisi Melih Okutanla da yollarını ayırıb. 27 yaşlı futbolçu Super Liqanı tərk edən “Ümraniyəspor”a keçib. O, yeni klubu ilə 2 illik müqavilə bağlayıb. Ötən mövsümü icarə əsasında “Boluspor”da keçirən futbolçu 28 oyuna çıxıb, 1 qol vurub. Samsun klubunda 26 oyuna 2 qol və 3 assist müəllifi olmuş futbolçu “Fənərbaxça” və “Kayserispor”un da uğurları üçün çalışıb.


