Amerika Birləşmiş Ştatları yığmasının hücumçusu Rikardo Pepi Almaniyanın “Auqsburq” klubundan Niderland nəhəngi PSV-yə keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Eyndhoven klubu bu transferə görə Bundesliqa təmsilçisinə 9 milyon avro ödəyib. 20 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Rikardo Pepi 2022-ci ilin yanvarında 16,36 milyon avro qarşılığında “Dallas”dan “Auqsburq”a keçmişdi. O, Bundesliqa təmsilçisində cəmi 16 oyun keçirib və məhsuldar göstərici ilə yadda qalmayıb. Hücumçu daha öncə “Dallas”, “Qroningen” və “Nord Texas” klublarında da forma geyinib. Pepi ABŞ yığmasında da 15 oyuna çıxıb, 7 qol vurub.
“Auqsburq” iki oyunçusunu da icarəyə verib. 22 yaşlı alman qapıçı Daniel Klayn “Sandhauzen”ə keçib. O, 2024-cü ilin 30 iyununa kimi bu klubda icarədə olacaq. 21 yaşlı Tim Çiveya isə “Saarbrüken”ə icarəyə verilib. Yarımmüdafiəçi ötən mövsümdə də “İnqolştadt”da icarədə oynamışdı.
“Auqsburq” gedənlərin əvəzində bir neçə yeni futbolçu da transfer edib. Bunlardan biri dayaq yarımmüdafiəçisi Tim Braythauptdur. 21 yaşlı alman “Karlsrue”dən 2,5 milyon avro qarşılığında “Auqsburq”a keçib. Onunla 5 illik müqavilə imzalanıb. Braythaupt “Karlsrue”də 63 oyuna 2 qol və 5 assstlə yadda qalıb.
Bundesliqa təmsilçisi Bilefeld “Arminiya”sından Masaya Okuqavanı da transfer edib. 27 yaşlı yarımmüdafiəçi azad agent kimi heyətə cəlb olunub və 3 illik müqavilə imzalanıb. Yaponiyalı futbolçu “Arminiya”da 80 oyuna 16 qol və 13 assist müəllifi olub. O, daha öncə “Liferinq”, “Zalsburq”, “Mattersburq”, “Holştayn Kil”, “Kyoto Sanqa” kimi klubların da formasını geyinib.
“Auqsburq” Drezden “Dinamo”sunun 19 yaşlı hücumçusu Lukas Erlixi də transfer edib. Azad agent kimi heyətə cəlb olunmuş almanla 4+1 illik müqavilə imzalanıb.


