Futbol üzrə İtaliya milli komandasının və London “Arsenal”ının mərkəz müdafiəçisi Rikkardo Kalafyori ağır zədə alıb.
Arena.az xəbər verir ki, UEFA Millətlər Liqasının 1/4 finalında mübarizə aparan İtaliya yığmasının üzvü Almaniya millisinə qarşı keçirdikləri ilk oyunda sıradan çıxıb.
O, doğma azarkeşlər qarşısında 1:2 hesabı ilə uduzduqları oyunda dizindən zədələnib. Matçdan sonra ətraflı müayinələrdən keçirilmiş Kalafyorinin zədəsinin ciddi olduğu müəyyənləşib. 22 yaşlı müdafiəçinin cavab matçında meydana çıxa bilməyəcəyi bəlli olub.
Qeyd edək ki, Almaniya – İtaliya görüşü martın 23-də Dortmundda keçiriləcək.
Mərkəz müdafiəçisi olan Rikkardo Kalafyori futbola “Petriana” klubunda qədəm qoyub, buradan “Roma”ya yol taparaq, böyük futbolda “canavarlar”ın heyətində debüt edib. Kalafyori karyerası ərzində “Cenoa”, “Bazel” və “Bolonya”da da çıxış edib.
“Arsenal” italyan futbolçunu 2024-cü ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bolonya”dan “topçular”ın düşərgəsinə qatıb. Kalafyorinin “Arsenal”la müqaviəsinin müddəti 2029-cu iliin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kalafyori “Arsenal” üçün 26 oyun keçirib, 3 qol vurub, 2 məhsuldar ötürmə verib.
Rikkardo Kalafyori 2024-cü ilin iyununda debüt etdiyi İtaliya yığmasının heyətində 9 oyuna 1 məhsudlar ötürmə ilə fərqlənib.
Rikkardo Kalafyorinin qənimətlər muzeyində “Roma” ilə qazandığı Avropa Konfrans Liqası (2021/2022) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


