Rikkardo Saponara Türiyə klubunda

“Verona”nın hücumameyilli yarımmüdafiəçisi Rikkardo Saponara bundan sonra Türkiyənin “Ankaragücü” klubunun formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

32 yaşlı italyan futbolçu ilə 1,5 illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Ankara təmsilçisinin bu keçid üçün İtaliya klubuna ödəniş edib-etmədiyi açıqlanmır.

Karyerasında ilk dəfə İtaliyadan kənarda çıxış edəcək Rikkardo Saponara “Verona”ya bu mövsümün əvvəlində qoşulmuşdu. O, bu komandada 14 oyuna çıxsa da, qol və ya assist müəllifi ola bilməyib. Təcrübəli futbolçu əvvəllər “Empoli”, “Fiorentina”, “Sampdoriya”, “Leççe”, “Spetsiya”, “Milan”, “Cenoa”, “Ravenna” kimi klubların da şərəfini qoruyub. Saponara İtaliyanın U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Ankaragücü” sağ cinah müdafiəçisi Enok Kvatenqlə də yollarını ayırdığını açıqlayıb. Fransadan olan 26 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. O, hazırda azad agent kimi özünə yeni klub axtarışındadır və karyerasını harada davam etdirəcəyi bilinmir.

Enok Kvatenq Türkiyə klubuna 2023-cü ilin fevralında azad agent kimi qoşulmuşdu. Amma o, Super Liqa klubunun heyətində heç bir rəsmi oyuna çıxmayıb. Buna müdafiəçinin ciddi zədədən əziyyət çəkməsi səbəb olub.

Kvatenq daha öncə Fransada “Bordo” və “Nant” klublarının formasını geyinib. Fransanın aşağı yaş qrupları üzrə yığmalarında (U-16, U-17, U-18, U-19 və U-20) oynamasına baxmayaraq, müdafiəçiyə əsas millidə ehtiyac duyulmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: