Rio Ferdinand: “Buna görə Ronaldoya hər zaman sataşardıq”

“Mançester Yunayted”in ingilis keçmiş müdafiəçisi Rio Ferdinand portuqal ulduz hücumçu Kristiano Ronaldo haqda xatirəsini paylaşıb.

Arena.az məlumat verir ki, Rio Ferdinand bu barədə öz podkastında “qırmızı şeytanlar”ın ingilis keçmiş yarımmüdafiəçisi Devid Bekhemlə müsahibəsi zamanı söz salıb.

Ferdinand, Ronaldonun “Mançester Yunayted”də çıxış edərkən, “qırmızı şeytanlar”ın bəzi futbolçuları tərəfindən necə cinləndirildiyini xatırlayıb:

“Biz “7” nömrəli köynək haqqında ona hər zaman sataşar, ilişərdik. Çünki o, açıq-aydın bunu qəsdən götürmüşdü və səninlə bağlı məlum tarixçəyə bələd idi. Biz isə o, çətinliyə düşəndə və özünü itirəndə, ona “əsl “yeddi nömrə” Bekhemdir” deyərdik”, deyə Ferdinand Ronaldonu necə cin atına mindirdiklərini səmimi gülüşlə xatırlayıb.

Kristiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 9 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 73 oyun, 66 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb.

“Əl-Nəsr”lə Ronaldo Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.
Kristiano Ronaldo hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 216 oyun keçirib, 133 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

“Transfermarkt” internet-portalı 39 yaşlı ulduz futbolçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: