Rio Ferdinand: “Kristiano Ronaldo ilə pis rəftar edildi”

“Mançester Yunayted”in sabiq müdafiəçisi Rio Ferdinand Portuqaliya millisinin kapitanı Kristiano Ronaldoya dəstəyini nümayiş etdirib.

Arena.az xəbər verir ki, o, təcrübəli futbolçunun milli komandadakı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.

Rio Ferdinand Portuqaliya Futbol Federasiyasını və milli komandanın məşqçilər korpusunu Ronaldonun durumuna düzgün yanaşmamaqda günahlandırıb. Onun fikrincə, Portuqaliya futbolunun ən böyük ulduzlarından biri xüsusi münasibətə layiqdir:

“Kristiano Ronaldo ilə pis rəftar edildi. Yeni məşqçi gəldi və özünü Aleks Ferqyuson hesab etdi. Bunu hansı əsasla etdiyini bilmirəm. Bu vəziyyət ölkəni parçaladı. Bunu görmək xoş deyil. Heç bir futbolçu milli komandadakı karyerasını belə başa vurmamalıdır”, – deyə Rio Ferdinand bildirib.

Sabiq futbolçu Ronaldo, Lionel Messi, Devid Bekhem və Ronaldo Nazario kimi futbolçulara xüsusi yanaşmanın vacib olduğunu vurğulayıb:

“Bunlar xüsusi münasibət tələb edən insanlardır. Onlara hörmət edilməlidir. Kriştianonun millidən ayrılmasının yeganə səbəbi özünə hörmət edilmədiyini hiss etməsi ola bilər. Onun eqosu var və məhz bu eqo olmasaydı, o, bu səviyyəyə çata bilməzdi. O, hər şeyə həmin eqonun sayəsində nail olub”.

Ferdinand hesab edir ki, müəyyən müddətlik fasilədən sonra Portuqaliya Futbol Federasiyası və milli komandanın rəhbərliyi vəziyyəti yenidən qiymətləndirəcək və Ronaldo ilə münasibətləri bərpa etməyə çalışacaq.

“Portuqaliyanın tarixində ən ikonlaşmış insanın sadəcə belə getməsinə imkan vermək olmaz”, – deyə Ferdinand vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: