Rio Ferdinand və Qari Nevil MY-ni tənqid etdilər

“Mançester Yunayted”in ingilis keçmiş mərkəz müdafiəçisi Rio Ferdinand “qırmızı şeytanlar”ın gələcəyindən narahatdır.

Arena.az xəbər verir ki, veteran futbolçu “Mançester Yunayted”in İngiltərə Premyer Liqasından aşağı dəstəyə yuvarlana biləcəyindən ehtiyat edir:

“Klub nəhəng fəsadlarla üzləşib. Komanda “uçuş bölgəsi”nə çox yaxındır. Kimsə, “Mançester Yunayted”in İngiltərə Premyer Liqasında qalması üçün daha 11 xal yığması gərək olduğunu deyib. İndi mən məsələyə məhz bu baxış bucağından baxıram”, deyə Rio Ferdinand komandanın daha pis aqibətlə üzləşməsi ehtimalına toxunub.

“Mançester Yunayted”in ingilis keçmiş müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çıxış edən Qari Nevill də “qırmızı şeytanlar”ın oyun quruluşunu tənqid edib:

“Mançester Yunayted”in iki mərkəz yarımmüdafiəçisi arasındakı vəziyyət heç də gərəkli olan qədər deyil. Baxın, Bruno Fernandes haradadır, Kazemiro harada… Bu, futbolun bütün qaydalarını pozur. Bu, mütləq ağılsızlıqdır. Komandanın quruluşu dəhşətlidir.

Ruben Amorim nə qədər tez bir müddətdə yaxşı oyunçular tapacaq, həmçinin bu sistemə uyğun olacaq oyunçuları cəlb edə biləcək? Bu, 3-4-3 sistemi qeyri-adi sistemdir.

Bu iş ən azı iki-üç transfer pəncərəsini əhatə edəcək, çünki buna sərmayə artıq yatırılıb”.

Qeyd edək ki, cari mövsümdə keçirdiyi 25 oyunda 29 xal toplamış “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb. “Qırmızı şeytanlar” 25 oyunda 8 qələbə, 5 heç-heçə və 12 məğlubiyyət görüblər. Mançesterlilərin top fərqi isə belədir – 28:35.

Premyer Liqaya 60 xalla “Liverpul” başçılıq edir.

Xəbəri sosial şəbəkələrdə paylaş: