“Barselona”nın braziliyalı keçmiş hücumçusu, əfsanəvi Rivaldo “blauqrana” ilə “Real” arasında mövcud qüvvələr nisbəti haqda fikir söyləyib.
Arena.az “Marca” nəşrinə istinadən, braziliyalı əfsanənin bu barədə fikrini təqdim edir:
“Mənim “Barsa”ya bağlılığım var, amma mən yalan danışa bilmərəm, Madrid “Real”ı irəlidədir. Niko Uilyams “Barselona”ya getsə, əla olar. Bununla belə, dünyanı ovsunlayan komanda olmaq üçün daha bir və ya iki imzaya ehtiyac var.
“Barsa” “Real” qədər güclü olduğunu göstərməlidir. “Barselona” sadəcə Niko Uilyamsla müqavilə imzalamaqla Mbappeli “Real”ı məğlub edə bilməz”, deyə Rivaldo vurğulayıb.
Xatırladaq ki, ötən mövsüm “Barselona”nın bütün cəbhələrdə uğursuzluğa düçar olması mənzərəsində “Real” İspaniya La Liqasının, İspaniya Super Kubokunun və Çempionlar Liqasının qalibi olub. “Kral klubu” şəxsi oyunlarda da “blauqrna”nı məğlub edib. Üstəlik “Real” bu yay nəhayət ki, Fransa yığmasının kapitanı, ulduz hücumçu Kilian Mbappeni PSJ-dən azad agent qismində öz düşərgəsinə qatıb.
“Barselona” isə baş məşqçi Xavini itefaya göndərib və təsəllisini növbəti mövsümdə Çempionlar Liqasında iştirak hüququ verən İspaniya La Liqasının 2-ci yeri ilə tapıb.
“Blauqrana” ümidlərini klubun futbol akademiyasının gənc yetirmələrinə bağlayıb. Bunların arasında 17 yaşlı yeniyetmə Lamin Yamal artıq böyük diqqət mərkəzindədir. Kataloniya klubu hazırda Bilbao “Atletik”inin və İspaniya yığma komandasının hücumçusu Niko Uilyamsı da “Barselona”nın düşərgəsinə gətirmək istəyir. Bunun üçün “Barselona” rəhbərliyi hətta kredit borcuna da girib.


