Riyad Mahrez “Əl-Əhli”də! – “Mançester Siti”nin qazancı bilindi

Futbol üzrə Əlcəzair millisinin və “Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Riyad Mahrez İngiltərə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Səudiyyə Ərəbistanının “Əl-Əhli” komandasına keçib.

Bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar. Təcrübəli oyunçunun Ciddə təmsilçisinə transferi 30 milyon avroya başa gəlib. O, yeni klubu ilə 4 illik müqaviləyə imza atıb.

Riyad Mahrez “Mançester Siti”yə 2018-ci ildə “Lester Siti”dən 67,8 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 236 oyuna çıxıb, 78 qol vurub, 59 məhsuldar ötürmə müəllifi olub. O, İngiltərə klublarından öncə Fransada “Havr”da da oynayıb. Əlcəzair yığmasında 83 oyun keçirmiş Mahrez, 30 qola imza atıb.

Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə Mahrez “Mançester Siti”nin heyətində 47 oyuna çıxıb, 15 qol vurub, 13 məhsuldar ötürmə verib. O, “şəhərlilər”lə “trebl”ə imza atıb: İngiltərə çempionluğunu, İngiltərə Federasiya Kubokunu, UEFA Çempionlar Liqasını qazanıb.

Mahrezin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər idi.

Xəbəri sosial şəbəkələrdə paylaş: