Rob Holdinq “Arsenal”ı “Kristal Pelas”a dəyişdi

İngiltərənin “Arsenal” klubunun mərkəz müdafiəçisi Rob Holdinq bundan sonra karyerasını “Kristal Pelas”da davam etdirəcək.

Arena.az xəbər verir ki, Premyer Liqa klubları 27 yaşlı ingilis futbolçunun transferini 1,2 milyon avroya razılaşdırıblar. Holdinq yeni klubu ilə 3 illik müqaviləyə imza atıb.

Rob Holdinq “Bolton”un yetirməsidir. O, “Beri”də də forma geyinib. 2016-cı ildən “Arsenal”da olan müdafiəçi London klubunda 162 oyuna çıxıb, 5 qol vurub.

“Kristal Pelas” “Flamenqo”nun hücumameyilli yarımmüdafiəçisi Mateus Fransanı da transfer edib. Premyer Liqa klubu bu keçidə görə Braziliya təmsilçisinə 20 milyon avro ödəyib. 19 yaşlı braziliyalı ilə 5 illik müqavilə imzalanıb. İndiyə qədər yalnız yetirməsi olduğu “Flamenqo”da oynamış Mateus Fransa 54 oyuna 9 qol qol vurub. O, Braziliyanın U-20 yığmasına da dəvət alır.

“Kristal Pelas”da iki ayrılıq da qeydə alınıb. Belə ki, 20 yaşlı hücumçu Lyuk Planj “Karlayl Yunayted”ə icarəyə verilib. İngilis futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “Derbi Kaunti”, “Molenbek” və “Linkoln Siti”də də forma geyinib. Planj İngiltərənin U-20 yığmasında forma tərlədir.

“Kristal Pelas”ın mərkəz müdafiəçisi Ceyk O’Brayen də Fransanın “Olimpik” (Lion) klubuna keçib. 22 yaşlı irland futbolçunun satışı İngiltərə klubuna cəmi 1 milyon avro qazandırıb. Müdafiəçi yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Kork Siti”, “Suindon Taun”, “Molenbek” kimi klubların da formasını geyinmiş Ceyk O’Brayen, ölkəsinin U-21 yığmasında oynamasına baxmayaraq, əsas millidə debüt şansı qazanmayıb.

Yeri gəlmişkən, “Olimpik”in yarımmüdafiəçisi Jeff Ren-Adelaid də “Molenbek”ə keçib. 25 yaşlı fransız futbolçu azad agent kimi keçdiyi Belçika klubu ilə 1+1 illik müqavilə bağlayıb. “Olimpik”də 48 oyuna 2 qol və 4 məhsuldar ötürmə müəllifi olan futbolçu “Anje”, “Nitsa”, “Arsenal”, “Trua” kimi klubların da formasını geyinib. O, Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının da uğurları üçün çalışıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: