“Barselona”nın polyak hücumçusu Robert Levandovski “blauqrana”nın alman baş məşqçisi Hansi Flikin işini qiymətləndirib.
Arena.az məlumat verir ki, polyak hücumçu La Liqanın 11-ci turu çərçivəsində baş tutan “Real”la səfər oyununda 4:0 hesablı möhtəşəm qələbədən sonra, alman mütəxəssis haqda təriflə söhbət açıb:
“Hansi Flikin etdikləri inanılmazdır. Bu, təkcə mənə deyil, hamıya aiddir. Flikin rəhbərliyi altında hər bir oyunçu özünü rahat hiss edir. Bunu da biz bu gün göstərdik. Biz bir-birimizi hətta sözsüz də başa düşürük”, deyə Levandovski vurğulayıb.
11 turdan sonra 30 xal toplamış “Barselona” La Liqanın yarış cədvəlinə başçılıq edir. “Real” isə 24 xalla 2-ci pillədə qərarlaşıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 14 oyuna çıxıb, 17 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 109 oyun, 76 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


